AZƏRTAC-ın fotomüxbiri beynəlxalq fotomüsabiqənin mükafatlarına layiq görülüb
6.6.2017

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyada keçirilən “Good Light 2017” beynəlxalq fotomüsabiqənin eyni zamanda iki mükafatına layiq görülüb.

Müəllifin “Məktəbə” adlı fotoşəklinə МOL PA (Master of Light Photographic Association) bürünc medalı verilib. Bu fotoşəkil 25 il əvvəl, 1992-ci ilin fevral ayında Azərbaycanın Laçın rayonunda çəkilib.

Bu ilin aprel ayında Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları zamanı çəkilmiş “Cütlükdə uçuş” fotosu isə Amerika Fotoqraflar Cəmiyyətinin (PSA Honorable Mention) fəxri lentinə layiq görülüb.

Xatırladaq ki, Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqraflar Cəmiyyətinin himayəsi ilə keçirilən “Good Light 2017” beynəlxalq fotomüsabiqəyə dünyanın müxtəlif ölkələrindən 503 fotoqrafın 9445 işi təqdim edilib.


azertag.az