Tibb Universitetində ilk dəfə OSKİ imtahanları keçirilir
5.6.2017

Azərbaycan Tibb Universitetində yekun dövlət attestasiya imtahanlarına başlanılıb. Bu gün ATU-nun müalicə-profilaktika fakültəsində məzun olmağa hazırlaşan tələbələr imtahan verirlər.

ATU-nun mətbuat xidmətinə istinadən xəbər verilir ki, universitetdə təhsilin keyfiyyətinə nəzarət və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanovun sözlərinə görə, bütün universitet, o cümlədən müalicə-profilaktika fakültəsində yekun dövlət attestasiya imtahanları iki mərhələdə keçirilir: “Birinci mərhələdə tələbələr bacarıq imtahanlarından keçir və üç fənndən - cərrahiyyə, terapiya (daxili xəstəliklər) və mamalıq-ginekologiyadan imtahan verirlər. Həmin imtahanlar yeni Obyektiv Strukturlaşmış Klinik İmtahan (OSKİ) imtahan üsulu ilə aparılır. Azərbaycan Tibb Universitetində on ildir ki, imtahanlar həmin qayda ilə gedir, lakin bu il onu daha da təkmilləşmiş formada aparırıq”.

Professorun dediyinə görə, OSKİ imtahanları zamanı hər imtahanda 10 bacarıq yoxlanılır. Hər bacarığa uyğun 1 məntəqə yaradıldığından imtahanda 10 məntəqə fəaliyyət göstərir: “Beləliklə, istər daxili xəstəliklər, istər cərrahiyyə, istərsə də mamalıq-ginekologiya fənləri üzrə 10 məntəqə fəaliyyət göstərir. Tələbə 1-ci məntəqədən başlayaraq hər bir məntəqədə imtahanı verib digərinə keçir. Hər məntəqədə bacarığın icrasına 3 dəqiqə vaxt verilir”.

ATU-nun nümayəndəsi bildirib ki, imtahan üçün bacarıqları müvafiq sahənin müəllim və mütəxəssisləri hazırlayıb: “Onların hamısı ümumi həkim bacarıqlarıdır. Məsələn, mama-ginekoloq və ya cərrahiyyə sahəsi üzrə xüsusi ixtisaslaşmış bacarıq yoxdur. Həkim diplomu alacaq məzunlar bu bacarıqlara sahib olmalıdırlar”.

Qeyd edək ki, imtahanlar iyunun 2-dən başlanılıb. Tələbələr müvafiq fənndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlara keçid alırlar. Professor Akif Qurbanov daha sonra deyib: ”OSKİ imtahanları beynəlxalq standartlara cavab verən sınaq üsuludur. Dünyanın əksər ölkələrinin tibb universitetlərində, eləcə də digər universitetlərdə həmin bacarıq imtahanları təbliğ olunur. Əminliklə demək olar ki, ölkəmizin tibb təhsilinə həmin imtahanı ilk dəfə biz gətirdik”.

azertag.az