Yazıçılar Birliyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
2.6.2017

İyunun 1-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.
Yazıçılar Birliyinin katibi, Xalq Şairi Fikrət Qoca uşaqların bayramını təbrik edib, onların gələcəyin şair və yazıçıları kimi uğurlara çatmasını arzulayıb.

Tədbirdə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Zahid Xəlil, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, şairlər Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Gülarə Munis, yazıçı Seyran Səxavət, yazıçı-publisist Zemfira Məhərrəmli və başqaları ölkəmizdə uşaqlara göstərilən qayğıdan söhbət açıblar. Xatırladılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2009-cu Azərbaycanda “Uşaq ili” elan olunub.

Tədbir çərçivəsində şairə Güləmail Muradın nəvəsi Murad Kənanoğlunun söylədikləri əsasında nəşr etdirdiyi “Nağılın içində yata bilmirəm” kitabının təqdimatı olub. Tədbir iştirakçıları bu əlamətdar gündə kitabı nəşr olunan balaca “Yazar”a uğurlar arzulayıblar. Uşaqlar şeirlər səsləndiriblər.

“Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova Murada və digər iştirakçılara diplomlar təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.



azertag.az