Gənc alim və mütəxəssislərin IV birgə qrant müsabiqəsi keçirilir
1.6.2017

Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsini (“Mənim ilk qrantım”) elan ediblər.

Müsabiqə Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat layihələri dəstəkləmək, gənc alimlər tərəfindən yaradılmış müvəqqəti yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları və s.) çalışan gənc alim və mütəxəssislərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə keçirilir.

Layihələr 2017-ci il mayın 30-dan iyunun 30-a kimi qəbul olunacaq. Müsabiqənin nəticələrinin bu ilin payızında açıqlanması planlaşdırılır.

Qrantlar yalnız ilk dəfə müraciət edən gənc alim və mütəxəssislərə veriləcək. Layihələrin icra müddəti 1 ildir.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.



salamnews.org