1 iyun onların günüdür - Çalışın hər gün uşaqların olsun!
1.6.2017

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Bu günün qeyd edilməsi barədə qərar 1950-ci iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qəbul edilib. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi 2009-cu ilin "Uşaq ili" elan olunması barədə sərəncam imzalayıb.
Hazırda Azərbaycanda uşaqların sayı 2 milyon 800 mindən çoxdur. Azərbaycanda uşaqlar arasında ən çox göz, tənəffüs orqanları, həzm sistemi, sümük-əzələ sistemi, qan dövranı xəstəlikləri müşahidə edilir.
Son illər Azərbaycanda yeniyetmələr arasında passiv tütünçəkmə ilə bağlı rəqəmlər 50% artıb. 13-15 yaşlı 2 mindən çox yeniyetmə arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3%-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib. Onların 32,6%-i 10 yaşadək bunu edib, 7,3%-i isə tütün məlumatlarından istifadə edir.
Bununla yanaşı ölkədə uşaq hüquqlarının müdafiəsi üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb, erkən nikahların qarşısının alınması məqsədilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilib. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” və bir sıra digər Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələr, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə, 2016-cı ildə Mərkəzlərin nəzdində olan xidmətlərdən ümumilikdə 4351 uşaq istifadə edib.



publika.az