İsmayıllıda polisin təşəbbüsü ilə “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilib
1.6.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il iyunun 18-də ölkəmizdə İnsan Hüquqları Günü qeyd olunur. Bununla əlaqədar, mayın 18-dən iyunun 18-dək respublikada keçirilən “İnsan hüquqları aylığı” çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn müddəalar rəhbər tutularaq, aidiyyəti dövlət, qeyri-hökumət və ictimai qrumlarla birgə əhalinin hüquq düşüncəsinin inkişaf etdirilməsi, maarifləndirmə işlərinin təşkil olunması məqsədilə tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ailə zorakılığı, milli azlıqların və miqrantların hüquqlarının qorunması, yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquqpozmalarının profilaktikası üzrə görülən işlərin vəziyyəti aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunur, bu istiqamətdə işlərin daha səmərəli təşkili üçün əlavə tədbirlərin həyata keçirilməsi üçün müvafiq tədbirlər davam etdirilir.

İsmayıllı Rayon Polis Şöbəsində təşkil edilən tədbirdə ictimai təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Tural Abumüslümov “Ailə zorakılığı”, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Rahim Orucov “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquqpozmaların profilaktikası sahəsində görülmüş işlərin vəziyyəti”, şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Rauf İsmayılov “Hüquqi dövlətdə milli azlıqların hüquqları” mövzusunda çıxış ediblər.

Rayon icra hakımıyyətının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Məhərrəmov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva uşaqlara göstərilən dövlət qayğısından danışıblar.



azertag.az