Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci
31.5.2017

“İnkişaf Naminə İdman” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi Günərzi Qayğı Mərkəzində 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil edilib.

Tədbirdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindəndir.

Günərzi Qayğı Mərkəzinin rəhbəri Gülər Cəfərova bildirib ki, mərkəz uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə yaradılıb. Günərzi Qayğı Mərkəzi 3-12 yaş arası uşaqların yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla təlim-tərbiyə prosesini təşkil edir, risk qrupuna aid uşaqların inkişafı və tərbiyəsi ilə məşğul olur. Uşaqlar psixoloji testlər və məsləhət saatlarında, musiqi dərsləri, idman yarışları və əyləncəli oyunlarda həvəslə iştirak edirlər.

Bayram tədbirində Günərzi Qayğı Mərkəzinin uşaqları, həmçinin Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyib, səhnəcik göstərib, rəqslər ifa ediblər. Şənlik xoş əhvali-ruhiyyə yaradıb, balacalara sevincli anlar yaşadıb.

Tədbir balacalar üçün təşkil olunmuş bayram süfrəsi ilə davam etdirilib.



azertag.az