“Nar bağı”nın dünya təqdimatı
30.5.2017

İlqar Nəcəfin “Nar bağı” bədii filmi “Karlovy Vary” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival iyunun 30-dan iyulun 8-dək Çexiyada baş tutacaq. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsərinin dünya təqdimatı festivalın “Qərbin Şərqi” müsabiqə proqramında keçiriləcək.

“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, “Nar bağı” proqramın açılış filmi olaraq təqdim olunacaq.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.



azertag.az