Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır
30.5.2017

Bu gün voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Bakıda E qrupunun oyunlarına start veriləcək. Bu qrupda Azərbaycan millisi ilə yanaşı, Hollandiya, İsrail, Ukrayna, Danimarka və Norveç də yer alıb.
Bakı İdman Sarayında keçiriləcək 5 turluq mübarizənin yekununda qrup lideri Yaponiyada keçiriləcək Mundiala birbaşa vəsiqə qazanacaq. Qrupda ikinci yeri tutan komanda isə digər 5 qrupda ikinci yerin sahibləri ilə birgə qalan 2 vəsiqə uğrunda mübarizə aparacaq. Bu baxımdan, Azərbaycan millisini gərgin rəqabət gözləyir.
Faiq Qarayevin baş məşqçi olduğu komanda "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra Bolqarıstanda təlim-məşq toplanışında olub. Yerli yığma ilə hər iki qarşılaşan Azərbaycan millisi əvvəlcə 0:3, ardından 1:3 hesablı məğlubiyyətlərlə üzləşib. İlk turda rəqib Norveç yığmasıdır.
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
15:00. Danimarka - Hollandiya
Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Miklosiç (Serbiya)
17:30. Azərbaycan - Norveç
Hakimlər: Sabine Vitte (Almaniya), Roberto Boris (İtaliya)
20:00. İsrail - Ukrayna
Hakimlər: Bruno Muha (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)

report.az