Azərbaycanda tələbələrə 200-dən artıq müəssisədə müxtəlif faizlərlə endirimlər təklif edilir
26.5.2017

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən ali məktəb tələbələri üçün xüsusi “Tələbə endirim kartları” verilir.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildiriblər ki, artıq bu ali təhsil ocağının tələbələrinə də “Tələbə endirim kartları” təqdim olunur. Bu da kart sahibləri tələbələrə Avropanın 37 ölkəsində 80.000-dən artıq və Azərbaycanda 200-dən artıq müəssisədə 5 faizdən 55 faizədək endirimlər təklif edir. “Tələbə endirim kartı” “Avropa Tələbə Kartı”nın Azərbaycan üçün nəzərdə tutulan formasıdır. Avropanın digər ölkələrində tələbələr üçün hansı endirimlər tətbiq olunursa, bizim gənclər də xaricdə olarkən eyni yerlərdə həmin güzəştləri əldə edə biləcəklər. Azərbaycanda isə endirimlər müxtəlif sahələri əhatə edən obyektlərə aiddir.

Hazırda ATU-da tələbə kartını əldə etmək istəyənlərin qeydiyyatına başlanılıb. Qeydiyyat ATU-nun Tələbə Gənclər Təşkilatının fəalları tərəfindən aparılır. Onu da qeyd edək ki, qeydiyyatdan keçmək istəyən tələbələrə mobil nömrə də hədiyyə olunur.



azertag.az