Azərbaycan Dövlət Musiqili Teatrında "Səmayi şəms" rəqs tamaşası təqdim edilib
25.5.2017

Mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının “İslam Həmrəyliyi İli”nə həsr edilmiş layihələrindən biri olan "Səmayi şəms" rəqs tamaşası təqdim edilib.

Layihənin ideya müəllifi və bədii rəhbəri Xalq Artisti Təranə Muradova, rejissoru “Tərəqqi” medallı Cavid İmamverdiyevdir. Quruluşçu xoreoqraflar – Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs kafedrasının baş müəllimi, Xalq Artisti Yusif Qasımov, Akademiyanın milli rəqs kafedrasının müdiri, Əməkdar Artist Sənan Hüseynli, müəllimlər - Əməkdar Artist Səbinə Qasımova, Kamilə Əliyeva, klassik rəqs kafedrasının baş müəllimi Pullumb Aqalıyaydır.

Tədbirdə sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəyli çıxış edərək Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsünün önəmindən danışıb. Bildirib ki, tolerantlığa, birgəyaşayışa və sülhə xidmət edən İslam həmrəyliyi təşəbbüsü qarşılıqlı hörmət, anlaşma kimi dəyərləri təşviq edir və həmrəyliyə töhfə verir. N.Rəhimbəyli Azərbaycan Prezidentinin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə və xaricdə müxtəlif tədbirlərin keçirildiyini, layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, həmçinin Bakıda yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının müsəlman aləmində həmrəyliyə böyük töhfə verəcəyini vurğulayıb.

Sonra İslam dünyasına daxil olan bir sıra ölkələrə məxsus milli rəqslərdən ibarət rəqs-tamaşa nümayiş etdirilib. Bir-birindən maraqlı rəqslər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

azertag.az