Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd ediblər
23.5.2017

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.

Bu münasibətlə nazirliyin kollektivi tərəfindən Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra ekoloqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.

Peşə bayramı ilə əlaqədar tədbirlər Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında nazirlik tərəfindən salınmış yaşıllıq zonasında davam etdirilib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxış edərək peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə qısa məlumat verib. Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edib. Sonra nazirliyin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Tədbirin davamı olaraq 30 hektar ərazidə iməcilik keçirilib. İməcilikdə ETSN naziri H.Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak edib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, sahə alaq otlarından təmizlənib.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 2007-ci il mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb.



azertag.az