Almaniyanın Zigen Universitetinin nümayəndələri Odlar Yurdu Universitetində qonaq olub
18.5.2017

15 may 2017–ci il tarixində Almaniyanın Zigen Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ulrix Eberhard Odlar Yurdu Universitetində qonaq olub.
Qonaqları qəbul edən universitetin rektoru prof. Əhməd Vəliyev ilk öncə onları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Odlar Yurdu Universitetinin son illərdə xarici əlaqələrini xeyli genişləndirdiyini, dünyada, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil və elm ocaqları ilə əməkdaşlıq etdiyini bildirən rektor Zigen Universiteti ilə əməkdaşlığın respublikamızın elm, təhsil sisteminə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb. Görüşdə qonağa universitetdə tədris prosesinin təşkili, mütəxəssis hazırlığı istiqamətləri və burada həyata keçirilən elmi–tədqiqat işləri barədə ətraflı məlumat verilib.

Zigen Universiteti ilə Odlar Yurdu Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalandığını qeyd edən Zigen Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ulrix Eberhard bildirib ki, bu sənəd əsasında ötən illərdə universitetlər arasında görülən işlər və qarşılıqlı reallaşdırılan tələbə mübadiləsi çox yaxşı bəhrəsini vermişdir. Eyni zamanda Odlar Yurdu Universitetinin DSH regional alman dili mərkəzinin müəllim və tələbə heyəti və beynəlxalq əlaqələr departamentinin əməkdaşları ilə görüşmüş, mövcud müqavilənin yenidən nəzərdən keçirilməsini və yaxın gələcəkdə daha da genişləndirilmiş yeni əməkdaşlıq sazişinin imzalanmasını təklif etmişdir.
Ulrix Eberhard təmsil etdiyi universitetin Odlar Yurdu Universiteti ilə ötən illərdə sıx əməkdaşlığından məmnunluğunu ifadə edib və Avropa İttifaqının təhsil proqramlarında iştirakı sahəsində zəngin təcrübəyə malik Zigen Universitetinin Odlar Yurdu Universitetinə bu proqramlardan faydalanması üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.



Ölkə.Az