İsveçin geyim brendi Azərbaycan Dövlət Neft Fondunun Moskvadakı binasında mağaza açır
11.5.2017

Beynəlxalq geyim brendi olan "H&M" (İsveç) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aldığı, Moskva şəhərinin Tverskaya küçəsində yerləşən “Gallery Actor” Ticarət Mərkəzində 5 min kv. metrlik mağazanı icarəyə götürüb.
Bu barədə kompleksin kommersiya idarəçiliyini həyata keçirən “Cushman&Wakefield” şirkəti məlumat yayıb.
Məlumata görə, "H&M" mağazası kompleksin üç mərtəbəsini əhatə edir.
Bildirək ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov aprel ayında keçirdiyi mətbuat konfransında Moskvadakı “Gallery Actor” binasında bu icarə ilə bağlı məlumat vermişdi: “May ayında Moskvadakı binanın ticarət hissəsində "H&M" şirkətinin böyük mağazası açılacaq. Bizim onlarla çox yaxşı şərtlərlə, 30 ildən çox müddətə müqaviləmiz var. Bu binaya investisiya Neft Fondu üçün uğurlu investisiyadır”.
Qeyd edək ki, 2012-ci ilin sonunda ARDNF Moskva şəhərinin Tverskaya küçəsi,16 ünvanında yerləşən və dəyəri 133 mln. ABŞ dolları təşkil edən “Gallery Actor”ofis-ticarət mərkəzini satın alıb. Binanın alqı-satqı prosesində satıcı qismində "VTB Group"a daxil olan “Metropolitan Insurance Group”, Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi "ALRUD" şirkəti, broker qismində isə “Jones Lang LaSalle” şirkəti çıxış edib.
Bina Moskvanın tarixi mərkəzində yerləşir. Tverskaya küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina Tverskaya küçəsi və Strastnoy bulvarın kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir. Əmlak illik icarə haqqı 9,6 mln. ABŞ dolları olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib.

report.az