Timur Əsgərov Mariya Teatrında balet axşamında çıxış edəcək
11.5.2017

Mayın 21-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində balet axşamı keçiriləcək.

Gənc balet artisti Timur Əsgərov balet axşamında P.Çaykovskinin musiqisinə cütlük rəqsində (Pas de deux) çıxış edəcək.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

azertag.az