“Türkoloji və filoloji problemlər” kitabının təqdimatı keçirilib
10.5.2017

Mayın 8-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda professor Tofiq Məliklinin “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Türkoloji və filoloji problemlər” kitabının üçüncü cildinin təqdimat keçirilib.

Tədbiri AYB-nin sədri, Xalq Yazıçısı Anar açaraq kitab fikirlərini bölüşüb. O deyib: “Üç telli saz olduğu kimi, üç telli söz də varmış. Moskvada yaşayan görkəmli Azərbaycan alimi, türkoloq, filoloji elmlər doktoru, professor, şair, tərcüməçi Tofiq Məliklinin Bakıda nəşr olunan toplusu bunu sübut edir. Bu üç telli kitab yalnız üç dildə, 2 qardaş Azərbaycan və Türkiyə türkcəsində, habelə rus dilində yazdığı məqalələrdən ibarət olduğu üçün deyil, həm də müəllifin bu üç mədəniyyətə, üç uyğunluğa uzun illər boyu səmərəli xidmət göstərdiyinə görə belə adlanmağa layiqdir”.

Tədbirdə AYB-nin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, birliyin sədr müavini Nazim İbrahimov, qurumun ağsaqqallar şurasının sədri, Xalq Şairi Nəriman Həsənzadə, Əməkdar Jurnalist, professor Aqşin Babayev və başqaları müəllifin ədəbiyyatımız və elmimiz üçün dəyərli bir alim olduğunu vurğulayıblar. Onun Azərbaycan, rus və türkcə yaradıcılığını yorulmaz bir alimin, ziyalının vətənpərvərin işi kimi dəyərləndiriblər.

Bildirilib ki, T.Məliklinin əsərlərinin 3-cü cildində türkologiya, ədəbiyyat, dil və digər məsələlər haqqında yazdığı məqalələr, çoxsaylı müsahibələr, əsərlərinə yazılmış rəy və tənqidi yazılar yer alıb.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edilib.

azertag.az