“Gənclərin Simulyasiya Akademiyası” layihəsi həyata keçiriləcək
5.5.2017

“İrəli” İctimai Birliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin Simulyasiya Akademiyası” layihəsi həyata keçiriləcək. Üç ay ərzində reallaşacaq layihə çərçivəsində 50-yə yaxın gəncə müxtəlif ekspertlər tərəfindən təlimlər təşkil olunacaq.

İctimai Birlikdən bildiriblər ki, təlimlərdən sonra qrup işləri ilə gənclər tərəfindən simulyasiya keçmiş müxtəlif istiqamətlərdə təkliflər paketi hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.

Layihənin məqsədi ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həllində fəal iştirakının təmin edilməsidir. Həmçinin idarəçilikdə səmərəli idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması, uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılmasıdır. Qərar qəbulu məsələlərində onların proaktiv fəaliyyətinə dəstək verməklə, gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaratmaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin etmək də layihənin məqsədlərindəndir.

azertag.az