Ulu Öndərin anadan olmasının 94 illiyi ilə bağlı klassik musiqi gecəsi təşkil edilib
2.5.2017

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunan klassik musiqi gecəsi təşkil edilib.

Səbail Rayon İcra Hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdiyi gecədə əvvəlcə Azərbaycanın Xalq Artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında maestro Niyazinin “Rast” simfonik muğamı səslənib.

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə klassik musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədilə Müslim Maqomayev adına Dövlət Filarmoniyasında klassik musiqi gecələri təşkil edilib.

Sonra Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Tofiq Quliyevin, Müslim Maqomayevin, Niyazinin, Soltan Hacıbəyovun, Asəf Zeynallının ölməz əsərləri respublikanın Xalq Artisti Azər Zeynalovun, Əməkdar artistlər Zemfira İsmayılovanın və İlham Nəzərovun ifalarında səsləndirilib.

azertag.az