Azərbaycan İstanbulda keçiriləcək XX Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
3.4.2017

Aprelin 4-6-da İstanbulda XX Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 42 ölkədən 200-dən çox dövlət rəsmisi, 4 ölkə başçısı, 10 sabiq prezident, nazirlər, millət vəkilləri, siyasətçilər, elm və din adamları iştirak edəcək.
Vəqfin sədri Akkan Suver “Report”a bildirib ki, builki zirvə “İnsanlıq bir yol ayrımında” başlığı altında keçiriləcək və dünya gündəmini zəbt edən əsas məsələlər müzakirə olunacaq: “Azərbaycan yenə də bu iqtisadi zirvənin əsas qonağıdır. Zirvə çərçivəsində enerji məsələlərini, xüsusilə TANAP, TAP və “Şahdəniz-2” layihələri diqqət mərkəzində saxlayacayıq. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da geniş məruzəsi olacaq”.
Zirvədə Azərbaycan geniş rəsmi nümayəndə heyəti ilə təmsil olunacaq. Azərbaycanın energetika naziri Natiq Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı toplantıda çıxışlar edəcək, dövlət rəsmiləri və nazirlərlə ikitərəfli görüşlər keçirəcəklər.
Zirvədə Türkiyənin eks-prezidenti Abdullah Gül də iştirak edəcək.

report.az