“YARAT” film klubunun təqdim etdiyi “Qara şar” filmi maraqla qarşılanıb
3.4.2017

Aprelin 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində ingiltərəli rejissor Elisa Daunun ekranlaşdırdığı “Qara şar” filmi təqdim olunub.

Ekran əsəri “YARAT” Müasir İncəsənət Mərkəzi və “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə “Dünya autizm maarifləndirmə” ayı çərçivəsində nümayiş olunub.

Filmin nümayişində məqsəd insanların autizm haqqında tabularını qırmaq və bu sindromdan əziyyət çəkən uşaqların valideynlərinə və yaxınlarına tək olmadıqlarını göstərmək, belə filmlər vasitəsilə cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Filmin baş qəhrəmanı Tomas adlı yeniyetmədir. Tomasın atası hərbçi olduğu üçün ailə müntəzəm olaraq yaşayış yerini dəyişməli olur. Tomas yeni bir məktəbdə təhsil almağa başlayır. Onun qardaşı Çarlinin ağır autizmi və diqqət pozuntusu var. O, danışa bilmir və onun qayğılarının öhdəsindən gəlmək çox çətindir. Tomasın anasının oğlunun autist olduğunu qəbul etməsinə baxmayaraq, oğlu bunu qəbul etmir.

Xronometrajı 97 dəqiqə olan ekran əsəri maraqla qarşılanıb.

azertag.az