Olimpiadaya lisenziya xarakterli dünya çempionatına yollanacaq Azərbaycan ağırlıqqaldıranlarının adları açıqlanıb
31.3.2017

Aprelin 3-də Tailandın paytaxtı Banqkokda keçiriləcək 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı üçün ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 100-dək ölkədən 538 ağırlıqqaldıranın (179 qız və 359 oğlan) qatılacağı yarışa 9 idmançı yollanacaq. Bir həftəyədək davam edəcək çempionatda Səbinə Əzimova (48 kq), İsmayıl Məmmədov, Elməddin Hüseynov ( hər ikisi 56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Mayıl Şükürlü (85 kq), Ümidvar Bayramlı (94 kq) və Həsənbəy Həsənzadə (+94 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Yeniyetmələrin Yay Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. Banqkokda təşkil olunacaq dünya birinciliyindəki nəticələr idmançıların lisenziya üçün reytinq xallarına təsir edəcək.

report.az