“Kapital Bank”da “Bir qan, bir can” şüarı ilə qanvermə aksiyası təşkil olunub
16.2.2017

“Kapital Bank”ın əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə ənənəvi qanvermə aksiyasında iştirak ediblər.

Bankdan bildirilib ki, “Bir qan, bir can” şüarı ilə keçirilən aksiya Azərbaycan Talassemiya Federasiyası ilə birgə həyata keçirilib.

“Kapital Bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva xatırladıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına 2005-ci ildə start verilib. “Kapital Bank”ın rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, bu aksiyada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Aksiya zamanı yığılan qan, talassemiyadan əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Qeyd olunub ki, hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar var və onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

azertag.az