AZAL Bakı-Gəncə və Bakı-Qəbələ aviareyslərinin bərpa olunacağı dəqiq tarixi açıqlayıb
30.1.2017

“Azərbaycan Hava Yolları” (AZAL) QSC fevralın 15-dən etibarən Bakı-Gəncə, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.
Bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək. 

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) saat 11:05-də uçan təyyarə, Gəncə Beynəlxalq Hava Limanına (KVD) saat 12:05-də enəcək. Gəncədən saat 13:05-də uçan təyyarə isə Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 14:05-də çatacaq. Bakıdan Qəbələyə uçuş saat 16:30-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə saat 17:25-də, Qəbələdən uçuş saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə isə saat 19:10-da olacaq”. 

Paşa Kəsəmənski deyib ki, daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.
Sözügedən istiqamətdə uçuşlar həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə və bazar günləri) olmaqla “Azərbaycan Hava Yolları” (AZAL) QSC tərəfindən həyata keçiriləcək.

report.az