İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tender keçirir
27.1.2017

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC-yə (İTMİM) "Oracle" inzibatçılığının təmin edilməsi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin (DƏQKİS) kadastr modulunun dəstəklənməsi, şəbəkə xidmətlərinin göstərilməsi, Veb-serverlərin qurulması və inzibatçılığı sahəsində zəruri olan xidmətlərin göstərilməsinin satın alınması üçün açıq tender elan edib.
Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tenderdə iştirak haqqı 100 manatdır.
Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən bu il dekabrın 30-na qədər mütəmadi göstərilməlidir.
Tender təkliflərinin qiymətləndirilməsində iddiaçının maliyyə təklifi, göstəriləcək xidmətlərə dair tələblər, ixtisaslı kadrların olması meyarlarına üstünlük veriləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 16-na qədər, tender təklifini və onun bank təminatını isə fevralın 27-nə qədər İTMİM-ə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A ünvanına) təqdim etməlidirlər.
Təkliflərə fevralın 28-də adı çəkilən ünvanda baxılacaq.

report.az