“Kontrabas” festivala gedir
18.11.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümündə 4-cü dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.

Moldova, Belarus, Pribaltika, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək.
Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Festivalın açılış mərasimi noyabr ayının 21-ə təsadüf edəcək. “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçiriləcək.

trend