Prezident İlham Əliyev Dubay Ticarət Palatasının sədrini qəbul edib - ƏLAVƏ OLUNUB
17.11.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dubay Ticarət Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.
Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər zamanı ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Turizm sahəsində əməkdaşlığın önəminə toxunan Prezident İlham Əliyev artıq Birləşmiş Ərəb Əmirliklərindən çoxlu sayda turistlərin ölkəmizə səfər etdiyini vurğulayıb. İqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən Prezident İlham Əliyev bu baxımdan idxal-ixrac imkanlarının araşdırılmasının önəmli olduğunu, Azərbaycanın müvafiq qurumları tərəfindən bu sahədə fəal iş aparıldığını deyib.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair qeyd edib ki, Azərbaycan çox gözəl bir diyardır və buraya gələn turistlər insanların qonaqpərvərliyinin və xoş əhvali-ruhiyyəsinin şahidi olduqlarını deyirlər. O, hazırda Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artmasını məmnunluqla qeyd edib və turizm sahəsində əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Görüşdə biznes, turizm, Azərbaycan kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanları, viza rejiminin daha da sadələşdirilməsi, sərmayə qoyuluşu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

report.az