Bakıda “Aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardım” mövzusunda təlim keçirilib
3.11.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu institusional və qanunvericilik islahatlarının, kompleks, hərtərəfli və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsində bu gün ölkəmizin prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış mötəbər beynəlxalq qurumlarla səmərəli qarşılıqlı əməkdaşlığı uğurla davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Avropa Şurasının və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrində reallaşdırdığı proqramlar üzrə əməkdaşlıq çərçivəsində Avropa Şurasının Bakı Ofisinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda “Aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardım” mövzusunda təlim keçirilib.

İkigünlük tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Xarici İşlər və Ədliyyə nazirliklərinin, habelə Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Akademiyasının və Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri iştirak ediblər.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb. Həmin mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd edən O.İsayev bu sahədə ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib, təlim kursunun iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib.

Sonra Avropa Şurasının eksperti Arvinder Sambei tərəfindən aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardımın əsasları və tətbiqi, bu sahədə institusional çərçivə və qabaqlayıcı tədbirlər, əmlakın müəyyən olunması və izlənilməsi, habelə qarşılıqlı hüquqi yardımın hüquqi və praktiki tərəfləri barədə təqdimatlar edilib.

Qarşılıqlı müzakirə formatında keçirilən tədbirdə mövzu ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.

azertag.az