“Çiçəklən, ana yurdum” adlı konsert proqramı təqdim olunub
10.10.2016

Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə, müstəqilliyimizin 25 illiyinə həsr olunan “Çiçəklən, ana yurdum” adlı konsert proqramı təqdim edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin inkişafında aşıq sənətinin xüsusi rolundan, mədəniyyət tariximizdə parlaq səhifələr yazmış görkəmli aşıqlarımızın yaradıcılığından söhbət açıb. Aşıq sənətinə dövlət qayğısından danışan nazir bu qədim sənətin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsinin bu qayğının nəticəsi olduğunu söyləyib.

AAB-nin sədri, Əməkdar İncəsənət Xadimi Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verdikləri yüksək qiymətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. M.Qasımlı aşıq sənətinin Azərbaycan mədəniyyətinin kökü olduğunu vurğulayıb və bu kökə göstərilən qayğını yüksək dəyərləndirib. O, Azərbaycanda aşıq sənətinin inkişaf tarixindən və milli musiqi sənətimizin hazırkı vəziyyətindən söz açıb.

Tədbirdə aşıqlar - əməkdar mədəniyyət işçıləri Əhliman Qasımov, Nemət Qasımlı, Avdı Musayev, Tərmeyxan Qurbanov, həmçinin Şaiq İncəli, Əli Tapdıqoğlu, Zülfiyyə İbadova, Samirə Əliyeva və başqalarının ifaları hərarətlə qarşılanıb.

Gənclərdən ibarət “Misri”, “Laçın” folklor qrupları, Kəlbəcər aşıqlar ansamblı, “Çeşmə” qızlar qrupu üzvlərinin və digər gənc ifaçıların çıxışları tədbirə xüsusi rəng qatıb.

azertag.az