Filip Kirkorovun Bakı konsertində tamaşaçıları qeyri-adi şou gözləyir
5.10.2016

Xəbər verdiyimiz kimi, məşhur müğənni, rus estradasının kralı adlandırılan Filip Kirkorov “Ya” konsert turu çərçivəsində Bakıda maraqlı proqramla çıxış edəcək.

Dekabrın 10-da keçirilməsi nəzərdə tutulan konsert proqramı digərlərindən bir çox göstəricilərə görə fərqlənəcək. Ümumilikdə, “Ya” konsert proqramı eksperimental, parlaq və qeyri-adi şoudur. Filip Kirkorov bu proqramı özünün 50 illik yubileyinə həsr edib.

Turun ilk konserti bu ilin martında Moskvada Dövlət Kreml Sarayında olub. İndiyədək “Ya” turu çərçivəsində Rusiyanın bir çox şəhərlərində keçirilən konsertlərin hamısı böyük maraqla və anşlaqla qarşılanıb. Bakı konserti də bu baxımdan istisna olmayacaq.

Filip Kirkorov konsertlərini tamaşaçılar üçün əsl şouya çevirən nadir müğənnilərdəndir. Onun Bakıda keçiriləcək konsertinin rejissoru məşhur Dyu Soley sirkinin rejissoru Franko Draqonedir. Bu, konsertin unikal şouya çevriləcəyini vəd edir.

F.Kirkorovla məşhur Dyu Soley sirkinin “tanışlığı” müğənninin 12 il əvvəl Las Veqasa qastrol zamanı başlayıb. O zaman rus estradasının ulduzu sirklə birgə təşkil etdiyi konsertini əsl şouya çevirə bilmişdi. İllər sonra Filip Kirkorov öz fəaliyyətində yeni üfüqlər açmağa qərar verdi - “Ya” konsertinin quruluşçu rejissoru kimi əsas vəzifəni dünya şöhrətli rejissor Franko Draqoneyə həvalə etdi. Bundan başqa, “Ya” konsert proqramının hazırlanmasına Maykl Cekson, Cenet Cekson, Lara Fabian və digər məşhurlarla işləyən dünya səviyyəli mütəxəssislər cəlb olunub.

Dyu Soley sirki indiyədək Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Las Veqasadək, Neapoldan tutmuş Makaoyadək super texnoloji nailiyyətlərə əsaslanan çıxışları ilə tamaşaçıları heyrətləndirib. Bakıda onun çıxışı əvvəllər planlaşdırılsa da, zəruri infrastrukturun olmaması səbəbindən təxirə salınmışdı. Paytaxtımızda “Crystal Hall”un tikilməsi indi bu arzunun da gercəkləşməsinə imkan yaradıb. “Crystal Hall”un bütün parametrləri dünyanı fəth edən sirkin tələblərinə tam cavab verir.

Beləliklə, dekabrın 10-da tamaşaçıları gözəl konsert proqramı, təkrarolunmaz və əsrarəngiz şou, eləcə də unudulmaz hisslər gözləyir. Biletləri ticketbox.az saytından, eləcə də Port Baku Mall və Gənclik Mall ticarət mərkəzlərindən saat 10.00-dan 22.00-dək almaq mümkündür.

azertag.az