Bakıda Həştərxan vilayəti barədə sərgi keçiriləcək
22.9.2016

Həştərxan vilayətinin hökumət sədri Konstantin Markelov II Xəzər Media Forumu çərçivəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Həştərxan KİV-inə istinadən xəbər verilir ki, görüş zamanı E.Vəlizadə bir sıra sahələr üzrə Həştərxan vilayəti ilə əməkdaşlıqda və təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.

K.Markelov Azərbaycan tərəfinə vilayətin gələn ilə təsadüf edən yubileyi haqqında danışıb: "Rusiya prezidenti Vladimir Putin vilayətin 300 illiyi şərəfinə təntənəli mərasim keçirilməsi barədə tapşırıq verib. İndi bu tədbirə hazırlıq işləri gedir. Bayramımıza Azərbaycan nümayəndə heyətinin gəlişi qürurverici olardı".

Həştərxan vilayətinin hökumət sədri həmçinin yibiley ilində Həştərxanda Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planından da söz açıb.

Bakıda isə Həştərxan vilayəti barədə informasiya və mədəniyyət sərgisi keçiriləcək. Sərgidə Həştərxanda arxivində saxlanılan nadir şəkillər və sənədlər, eləcə də Bakıda yaşamış və işləmiş məşhur isveçli alim Alfred Nobel barədə sənədlərin orijinal nüsxələri nümayiş olunacaq.

report.az