Azərbaycanda 107.7 FM tezliyində yayımlanan “Avto FM” radiosunun yeni adı məlum olub.
Bu barədə radiodan məlumat verilib.
Məlumata görə, yeni radionun adı “AvtoRadio”dur.
Radio yeni adla dünən saat 11:30-dan etibarən 107.7 FM tezliyində test rejimində fəaliyyətə başlayıb.
Xatırladaq ki, dünən səhər saatlarında “Avto FM” radiosu yayımını dayandırıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova “Report”a bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.
Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan "Avto FM" 107.7. MHz tezliyində yayımlanırdı.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
report.az