Avto FM radiosu yayımını dayandırıb
1.9.2016

Azərbaycanda fəaliyyət göstərən “Avto FM - 107.7 FM” radiosu yayımını dayandırıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat təsdiqlənib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova “Report”a açıqlamasında Avto FM-in yayımının dayandırılması məsələsini şərh edib. O bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işinə davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.
Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan Avto FM 107.7. MHz tezliyində yayımlanırdı.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdi.

report.az