"Uşaqlar üçün ekoloji laboratoriya"da növbəti təlim
23.8.2016

IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-11 yaşlı uşaqlar üçün tullantılar və onların təkrar emalına dair növbəti təlim keçirilib.

IDEA İctimai Birliyi (İB) və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində təşkil olunan təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesi, bu prosesin planetimiz, xüsusilə də canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat verilib.

IDEA İB-dən bildirilib ki, uşaqlar, həmçinin tullantıların çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları ilə də tanış olublar. Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak edərək istifadə olunmuş müxtəlif materiallardan ətraf mühitə yararlı yeni əşyalar hazırlamağı öyrəniblər. IDEA İB-nin plastik butulkalardan təkrar emal nəticəsində hazırlanmış bel çantası uşaqların böyük marağına səbəb olub.

Avqust təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələrinə mühüm töhfə verib.

Bu mövzuda təlim avqustun 30-da IDEA-nın Gəncə şəhərində yerləşən Resurs Mərkəzində də keçiriləcək.

"Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İB (497-63-16) ilə əlaqə saxlamaları xahiş olunur.

azertag.az