Elmi-Tədqiqat Mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalanıb
19.8.2016

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu ilə Rusiyanın Tümen Dövlət Universiteti arasında təhsil, elmi-texniki fəaliyyət və müştərək elmi tədqiqatlar üzrə Elmi-Tədqiqat Mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

İnstitutdan bildirilib ki, mərkəzdə fundamental və eksperimental zoologiya üzrə birgə və çoxtərəfli beynəlxalq layihələrin hazırlanması, sahə-tədqiqat qruplarının yaradılması, həmçinin birgə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Eyni zamanda, sənədə əsasən faunistika üzrə beynəlxalq ekspedisiyaların həyata keçirilməsi, hər iki təşkilatın zooloji muzeyləri arasında kolleksiya mübadiləsi, müxtəlif elmi əsərlərin nəşri, beynəlxalq elmi konfransların keçirilməsi, kitabxanalar arasında elmi ədəbiyyat mübadiləsi, birgə mühazirələr, elmi seminarların təşkili, mütəxəssislərin təcrübə mübadiləsi və s. kimi işlər görüləcək.

azertag.az