Bakının ən yaxşı müəllimlərindən pulsuz rəqs dərsləri
15.8.2016

Yay mövsümü bağlanana qədər hər bazar günü Dənizkənarı Milli Parkda Azərbaycan Gənclər İttifaqının (AGİ), Azərbaycan Rəqs Assosiasiyasının (ARA) və “Jam SS” studiyasının təşkilati dəstəyi ilə rəqs həvəskarları üçün pulsuz rəqs dərsləri keçirilir. Tədbir əsasən yeni istedadlar üzə çıxarmaq, rəqslərə marağı artırmaq, səmərəli asudə vaxt keçirməyə imkan yaratmaq məqsədi daşıyır.

Avqustun 14-də aşağıdakı istiqamətlərdə rəqs dərsləri keçirilib: hip-hop (müəllim Andrey Friman), hind rəqsləri (Solmaz Arti), milli rəqslər (Nicat İbrahimli), latino rəqsləri (Xəyal Əhmədov və Veronika Talıbova), habelə ləzginka rəqsi (Vüqar Rəhimov). Dünən İnarə Mehdiyevanın rəhbərliyi ilə zumba rəqsləri də keçirilib.

Azərbaycan Gənclər İttifaqının sosial layihəsi gənclərin sağlam həyat tərzi haqqında bilik səviyyəsini artırmağa, mümkün olduqca çox adamı ölkəmizin mədəni irsi ilə tanış etməyə, istər milli, istərsə də xarici rəqs sənəti haqqında geniş təsəvvür yaratmağa yönəlib. Populyarlığına görə isə hələlik milli rəqslərimiz liderlik edir.

Rəqs etmək istəyən hər kəs bazar günü saat 18.00-dan 22.00-dək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının meydançasında açıq dərslərdə iştirak edə bilər. Dərsləri “Jam SS” studiyasının dəfələrlə Azərbaycan, Qafqaz, Avropa və dünya çempionatlarının qalibi olmuş, Rusiya və Avropada ustad dərsləri keçmiş peşəkar müəllimləri aparırlar.

Beləliklə, Bakı sakinləri və şəhərimizin qonaqları öz istedadlarını nümayiş etdirmək və vaxtlarını şən keçirmək üçün həftə sonunu səbirsizliklə gözləyirlər.

azertag.az