12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür
12.8.2016

Avqustun 12-si Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyası” BMT-nin Ətraf Mühit proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb. Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapıb. “Tehran konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib və sonradan bu tarix “Xəzər günü” kimi qeyd edilməyə başlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu günün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Azərbaycanda da “Xəzər günü”nə xüsusi önəm verilir. Hər il Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, o cümlədən təmizlik və abadlıq işləri həyata keçirilir.

azertag.az