Bakıda NATO-nun mobil təlim qrupu "Təlimlərin planlaşdırılması" kursu keçirir
12.7.2016

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu "Təlimlərin planlaşdırılması" mövzusunda təlim kursu keçirir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kurs müddətində NATO nümayəndə heyəti iştirakçılara "NATO-nun Komanda və Qüvvə strukturu", "NATO-da təlim və proqramlaşdırma prosesi", "Təlim planlaşdırılmasının əsas xüsusiyyətləri", "Təlim konsepsiyaları", "Təlimlərin planlaşdırılması və hazırlanması", "Təlimin idarə edilməsi" və digər mövzulara dair mühazirələr oxuyacaq, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılacaq.
Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak ilə keçirilən kurs iyulun 14-dək davam edəcək.

Qeyd edək ki, kurs Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən aparılır. Birləşmiş Qüvvələr Komandanlığı Brunssum şəhərində (Niderland Krallığı) yerləşir.

report.az