“Bakcell” istifadəçiləri “Ulduzum” endirimlərindən Türkiyədə istifadə edə biləcək
24.6.2016

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti böyük məmnuniyyətlə “Ulduzum” endirimlərinin indidən etibarən Türkiyədə istifadə edilə bildiyini elan edir.

Şirkətdən verilən məlumata görə, "Ulduzum" proqramının beynəlxalq tərəfdaşlar siyahısında ilk olan AVİS avtomobil icarə şirkəti Türkiyədə bütün xidmətlərinə 15% endirim təklif edir. “Bakcell”in Ulduzum üzvləri Türkiyədə olarkən endirim kodunu təqdim etməklə bu endirimlərdən faydalana biləcəklər.

"Ulduzum" proqramının Türkiyədəki ikinci tərəfdaşı Türkiyənin məşhur brendi hesab edilən "BEYMEN" mağazalar şəbəkəsidir. Yeni imzalanacaq tərəfdaşlıq müqaviləsinin şərtlərinə əsasən "Ulduzum" abunəçilərinə "BEYMEN" mağazalar şəbəkəsi tərəfindən bütün mallara 10% endirim təqdim ediləcək. "BEYMEN" mağazalarından "Beymen Club", "Beymen Blender", "Tod's", "Dior", "Dolce&Gabbana", "Bottega Veneta", "Moschino", "Christian Louboutin", "Jimmy Choo", "Etro", "Balenciaga", "Dsquared2", "Chloe" və digər brend markaların mallarını xüsusi "Ulduzum" endirimi ilə əldə etmək olar.

1,9 milyon nəfərdən çox abunəçisi ilə "Ulduzum" bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. "Bakcell" abunəçiləri xüsusi mobil applikasiya vasitəsilə, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən "Ulduzum" endirimlərindən faydalana bilirlər.

lent.az