Uşaqların sevimli cizgi filmi “Frozen” Azərbaycan dilində
10.6.2016

Bundan sonra balaca tamaşaçılar dünyanın bir nömrəli cizgi filmi olan “Frozen”ə (“Buzlar diyarı”) ana dilində baxa biləcəklər.

Tezliklə efirdə olacaq “Uolt Disney” Animasiya Studiyasının istehsalı olan cizgi filmini ANS telekanalı Azərbaycan dilində səsləndirəcək.

Şübhəsiz ki, Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanlarının Azərbaycan dilində danışması balaca tamaşaçılar üçün əsl hədiyyə olacaq.

“Frozen” 2013-cü ildə “Wolt Disney” Animasiya Studiyası tərəfindən istehsal olunmuş kompüter animasiya filmidir. Hans Kristian Andersenin “Qar kraliçası” nağılının motivləri əsasında yaradılan animasiya filmi ekrana çıxdığı gündən tamaşaçıların və kino mütəxəssislərinin böyük rəğbətini qazanıb.

Film ən çox satılan animasiya filminə çevrilib və milyard dollardan artıq gəlir gətirib. Kris Bak və Cenifer Linin rejissorluğu ilə ərsəyə gələn film ən yaxşı animasiya filmi və ən yaxşı orijinal film mahnısı nominasiyaları üzrə “Oskar” mükafatına, “Qızıl qlobus”, “BAFTA”, “Enni”, “Saturn”, Amerika kino aktyorları gildiyasının (SAG) mükafatlarına layiq görülüb.

Sözügedən cizgi filmi dünyanın bir çox dillərinə tərcümə olunub.

azertag.az