Milli Məclisin deputatı Gəncədə Çingiz Aytmatova abidə ucaldılmasına yardım etməyə hazırdır
19.5.2016

Azərbaycan-Qırğızıstan parlamentlərarası dostluq qrupunun sədri, Milli Məclisin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyevin başçılıq etdiyi Azərbaycan Milli Məclisinin deputatları Bakıda Qırğızıstan səfirliyində görüş keçirib.
Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verilir ki, görüş səfirlik tərəfindən təşkil olunub.
Görüşün məqsədi isə azərbaycanlı deputatları Qırğızıstanın mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın səviyyəsi, eləcə də turizm potensialı barədə məlumatlandırmaq olub.
Görüş zamanı M.Quliyev mədəniyyətlərarası mübadilə məsələlərinə toxunaraq Qırğızıstan tərəfinin maraqlı olacağı halda Gəncədə Çingiz Aytmatova abidə ucaldılmasına dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə M.Quliyev parlamentlərarası səviyyəsində Qırğızıstan ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib və səfirliyin fəaliyyətinə tam dəstək vermək üçün hazır olduğunu dilə gətirib.

report.az