“British Council”dan Azərbaycan xalçalarını və Britaniya ədəbiyyatını bir araya gətirən layihə
13.5.2016

“British Council” Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xalça Muzeyi ilə birlikdə Şekspirin anadan olmasının 450 illik yubileyi münasibətilə “Azərbaycan Şekspir xalçası” müsabiqəsini keçirir.

“British Council”dan bildirilib ki, müsabiqə Azərbaycan xalqının xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir.

“Azərbaycan Şekspir xalçası” dünyada bu tipli yeganə müsabiqədir. “British Council Azərbaycan”ın direktoru Elizabet Uayt müsabiqənin başlanması münasibətilə deyib: “Azərbaycan qədim xalçaçılıq ənənələrinə malikdir. Dünyanın ən böyük, tarixi baxımdan əhəmiyyətli və gözəl xalçalarından biri – Ərdəbil (Şeyx Səfi) xalçasıdır. O, Şekspirin dünyaya gəlməsindən 25 il öncə toxunmuş və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur. Axı Şekspirin ildönümünü Azərbaycanda qeyd etmək üçün yeni xalçanın hazırlanmasından gözəl nə ola bilər? Biz bu layihədə Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyur və bütün yaradıcı insanları bu müsabiqəyə qoşulmağa və Şekspirin şərəfinə xalça dizaynı hazırlamağa dəvət edirik”.

Dizaynlar onlayn formada təqdim edilir. Dizaynların texniki xalça dizaynı olmasına ehtiyac yoxdur, onlar boya və ya kompyuter vasitəsilə hazırlana bilər. Ən yaxşı dizaynlar sərgidə nümayiş olunacaq və mükafat qazanmış dizaynlar əsasında xalçalar toxunacaq. Müsabiqənin qalibi Londona səyahət, Viktoriya və Albert muzeyinə və Şekspir Qlobus teatrına giriş biletləri qazanacaq.

“Azərbaycan Şekspir xalçası” Şekspirin pyeslərindən səhnələri təsvir edən, dahi dramaturqun əsərlərinin motivlərini nümayiş etdirən, Azərbaycan ənənələrini əks etdirən, portret üslubunda hazırlanmış və hətta abstrakt dizayn elementləri daşıyan bir xalça ola bilər.

Müsabiqə Azərbaycanın bütün vətəndaşları və sakinləri üçün açıqdır. Müsabiqə 31 iyul 2016-cı ildə sona çatır. Bütün dizaynlar onlayn formada təqdim ediləcək. Bu haqda əlavə məlumatı www.britishcouncil.az internet ünvanından almaq mümkündür.

Müsabiqənin rəsmi açılışına həsr olunan mətbuat konfransı mayın 18-də Azərbaycan Xalça Muzeyində keçiriləcək.

azertag.az