11 MAY
11.5.2016

1911-ci il. Nəriman Nərimanovun “Nadir şah” pyesi Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulub. Bu əsər tamaşaya qoyulduğu vaxtdan etibarən həmişə ədəbiyyatşünasların və teatr tənqidçilərinin diqqət mərkəzində olub.

1935-ci il. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyov anadan olub (1935-2016).

Bədii yaradıcılığa 1960-cı illərdən başlayan M.İbrahimbəyov nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə keçmiş sovetlər birliyində tanınıb. Onun “Mezozoy əhvalatı” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub. “Mezozoy əhvalatı”, “Bayquş gəlmədi”, “Yay tətili”, “Bütün yaxşılıqlar üçün - ölüm!”, “Truskavetsə kim gedir?”, “Sən nəğməmsən mənim”, “Ona görə ki, mən Ayvar Lidakam” və s. ssenariləri əsasında filmlər çəkilib. “Qəza”, “Bir az da sevinc”, “Eşitmədiyim mahnı”, “Qoy o bizimlə qalsın” və s. adlı kitabları Moskvanın tanınmış nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. “Bayquş gəlmədi” və “Bütün yaxşılıqlar üçün - ölüm!” əsərlərinə görə ona 1976-cı ildə Azərbaycanın Dövlət mükafatı verilib.

M.İbrahimbəyov 1979-cu ildə “Əməkdar İncəsənət Xadimi”, 1998-ci ildə “Xalq Yazıçısı” fəxri adlarını alıb, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında çoxillik səmərəli və zəngin fəaliyyətinə görə Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib.

330-cu il. Konstantinopol (İstanbul) rəsmi olaraq Roma İmperiyasının paytaxtı elan edilir. Əvvəllər Bizantion adlandırılan bu şəhərin adı dəyişdirilərək Yeni Roma olur. Lakin buna baxmayaraq, şəhər Konstantinopol adı ilə tanınıb.

1904-cü il. İspaniyalı məşhur rəssam, heykəltəraş, filosof və rejissor, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali anadan olub (1904-1989).

O, həyatı boyu 1500-dən çox rəsm əsəri çəkib, onlarla heykəl, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların müəllifi olub. S.Dalinin “Yaddaşın daimiliyi”, “Qaynadılmış paxlalar ilə yumşaq konstruksiya (vətəndaş müharibəsinin duyulması)”, “Xristofor Kolumbun Amerikanı kəşf etməsi”, “Oyanmadan bir saniyə əvvəl arının nar ətrafında uçuşundan doğan yuxu” və s. əsərləri ona dünya şöhrəti qazandırıb.

2000-ci il. Hindistanın bir milyardıncı sakini – Aastha Arora dünyaya gəlib. Dünyaya göz açdıqdan sonra Hindistan hökuməti onun təhsil, səhiyyə və səyahət imkanlarından pulsuz istifadə edə biləcəyini elan edib.

2003-cü il. Məşhur rok müğənnisi Pol Makkartni dünyada ilk dəfə Kolizeydə konsert verib. Biletləri xüsusi auksionda əldə edən 400 tamaşaçı konserti Kolizeyin daxilində izləyə bilib.

azertag.az