Los-Ancelesdə Azərbaycana dair kitabça nəşr olunub
3.5.2016

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Azərbaycana dair kitabça nəşr edilib.
Bu barədə Baş Konsulluqdan məlumat verilib.
"Azerbaijan:Land of Hope, Tolerance and Inspiration" adlı kitabçada Azərbaycanın zəngin musiqisi və mədəniyyəti, tarixi, güclü tolerantlıq və multikulturalizm ənənələri, iqtisadi inkişafı, enerji siyasəti, diplomatiyası və turizm potensialı haqda oxuculara məlumat verilir.
Kitabçada, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil dövlət kimi inkişafı, əldə etdiyi uğurlar və regionun lider dövlətinə çevrilməsi qeyd olunur.
Nəşrdə, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol vurğulanaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmindən, "Cənub Qaz Dəhlizi" layihəsinin istehsalçı, tranzit və istehlakçı ölkələrə verəcəyi uzunmüddətli faydalardan bəhs olunur.
Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən də danışılır.
Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, biznes dairələrinə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.

report.az