Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Bakıda elmi konfrans keçirilib
28.4.2016

Görkəmli otalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar aprelin 28-də Bakıda “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda elmi konfrans keçirilib.

Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində Azərbaycanın tibb ictimaiyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə keçirilən görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışılıb.

Konfransın açılışında çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov bildirib ki, tibb elmində böyük xidmətləri olan Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru deyib ki, o, ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib. Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını yaradıb. Sonralar böyük alim sənaye müəssisələri işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olub. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.

Tədbirdə Zərifə Əliyevanın tələbələri görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışaraq müəllimləri ilə bağlı xatirələrini bölüşüblər.

Çıxış edənlər bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıblar. Vurğulanıb ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş edib.

Konfransın elmi hissəsi mövzuya dair məruzələrlə davam etdirilib.

azertag.az