Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi açılacaq
18.4.2016

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprelin 22-dən 28-dək Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycan təsviri incəsənətinin təbliği, görkəmli rəssamlarımızın yaratdıqları nadir sənət incilərinin nümayişi, milli incəsənətimizin təbliği məqsədilə keçirilir.

Sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla incəsənətimizin Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, XX əsr rəssamlarının və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər göstəriləcək.

Əsərlərin əksəriyyəti geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim olunacaq.


azertag.az