14 APREL
14.4.2016

1870-ci il. İctimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, maarifçi Nəriman Nərimanovun doğum günü (1870-1925). Siyasi fəaliyyətə 1905-ci ildə sosial-demokrat “Hümmət” təşkilatında başlayıb. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin - Xalq Komissarları Şurasının sədrı olub. 1922-ci ildə SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilib. 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat edib, Kremlin divarları önündə dəfn edilib.



1919–cu il. Nəsib bəy Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib. Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə “Müsavat”la yanaşı, “Əhrar”, sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir də yer almışdı. Xalq Cümhuriyyətinin 4-cü hökuməti əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü (1919-cu ilin dekabrınadək) olub.



1907-ci il. Milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Xalq artisti Fatma Qədrinin doğum günüdür (1907-1968).

Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, 1932-ci ildən Bakı Rus Dram Teatrında, 1935-ci ildən Dövlət Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.



1865-ci il. ABŞ-ın XVI prezidenti Avraam Linkolna qarşı sui-qəsd törədilib. Bir gün sonra o, dünyasını dəyişib.



1912-ci il. Aprelin 14-dən 15-nə keçən gecə “Titanik” gəmisi elə ilk səyahəti zamanı Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 317 sərnişin və 908 heyət üzvündən yalnız 712 nəfər xilas ola bilmişdi.

azertag.az