“ARTIM” layihəsi çərçivəsində ilk sərgi “Bu da keçər” adlanır
19.2.2016

YARAT Müasir İncəsənət Məkanı, “ARTIM” layihəsi çərçivəsində elan olunmuş açıq müsabiqənin yekunlarına əsaslanan silsilə sərgilərin keçirilməsinə başlayıb. Başlanan sərgilər proqramının təntənəli açılışında silsilənin ilk ekspozisiyası – Habib Saherin “Bu da keçər” adlı fərdi sərgisi olacaq.

YARAT-dan bildirilib ki, fevralın 19–dan martın 13-dək davam edəcək “Bu da keçər” sərgisinin ilham qaynaqları müxtəlifdir. Bunların arasında mövcudluğun faniliyi, əcəlin qaçılmaz olması və “ömür” adlanan o qısaca zaman kəsiyinin gözəlliyi barədə düşüncələri paylaşan qum mandalası (mandala - hinduizm və buddizmdə kainatı təmsil edən dini simvol) sənətini və Ömər Xəyyamın rübailərini qeyd etmək olar. Sənətkar heykəltəraşlığı cismani olan hər şeyin metaforası kimi görür: onun sərgiyə çıxardığı əsərlər sərgi müddəti ərzində öz-özünə dağılmalıdır. 1960-cı illərin avto-destruktivizm cərəyanına xeyli meyil göstərən sənətkar sənət əsərinə maddi dəyər gözü ilə baxmaq məntiqinə qarşı çıxır, incəsənət nümunələrinin daha çox ruh və fəlsəfə baxımından sərvət olduğunu vurğulamaq istəyir.

Sərgini müşayiət edən bir sıra tədbirin, o cümlədən rəssamla görüş, film nümayişi və poetik qiraət gecəsi kimi tədbirlərin “ARTIM” auditoriyasında keçirilməsi də nəzərdə tutulub.

Habib Saher Bakıda yaşayan İran əsilli rəssamdır. Bakıdakı İncəsənət Akademiyasının məzunudur. Heykəltəraşlıq üzrə bakalavr və magistr dərəcələrini burada qazanmışdır. Habib Saherin iştirak etdiyi sərgilər arasında həm Bakıda, həm də xaricdə keçirilmiş bir sıra sərgi olmuşdur, o cümlədən: Beynəlxalq “Səməni” İncəsənət Sərgisi – Heydər Əliyev Mərkəzində, “Caspian” İncəsənət Sərgisi, “Zavod” Müasir İncəsənət Sərgisi və “Summer Group Show” sərgisi – “Seed Corn” Qalereyasında (Berkli şəhəri, Kaliforniya, ABŞ).

azertag.az