Facebook Pixel Code
GoMap XƏRITƏ
Orta əsr Şəmkir şəhərinin xarabalıqları
Baxış sayı:
  • Ünvan:
    Şəmkir, AZ5722
Avtobus

Orta əsr Şəmkir şəhərinin xarabalıqları eyni adlı rayonun Muxtariyyə kəndinin şimal kənarında, Şəmkirçayın sahilində, dəmir yolundan 600 m cənubda yerləşir. Xarabalıqlar əsasında şəhərin dördbucaqlı plan quruluşuna malik olduğunu, şərq-qərb oxu üzrə yerləşdiyini müəyyən etmək olur. Qala divarları qalıqlarının, xüsusilə qərb və cənub divarlarının qalıqlarının hündürlüyü bəzi yerlərdə 4 m-ə çatır. Bu divarlarda şəhər darvazalarının yeri aydın müşahidə olunur. Qala divarları çaydaşı, bişmiş kərpic və yerli ağ daşdan inşa edilmişdir. Şəmkirçayın yatağında şəhristana istiqamətlənmiş çoxaşırımlı körpünün qalıqları qalmaqdadır. Şəmkirçayın sahilində yerləşən, 1 hektardan artıq sahəni tutan narınqalanın (içqalanın) xarabalıqları daha yaxşı mühafizə olunmuşdur. Narınqala möhkəm qala divarları və xəndəklə qorunurmuş. Qala divarları Arran memarlıq məktəbi üçün səciyyəvi olan hörgü ilə bişmiş kərpic, çaydaşı və yerli ağ və göy daşlardan əhəngli məhlulda kombinə edilmiş hörgü ilə ucaldılmışdır. Narınqalanın daxilində bişmiş kərpicdən inşa olunmuş tikililərin qalıqları vizual izlənilir. Şəhristanın ərazisi mütəmadi olaraq şumlanaraq əkin üçün istifadə olunduğundan burada mikrorelyef pozulmuşdur. Onun ərazisində yerüstü inşaat materialları və memarlıq hissələrinə tez-tez təsadüf olunur. Şəhər memarlığında çaydaşı, yerli puç, ağ daş və bişmiş kərpicdən geniş istifadə olunduğunu söyləmək olar. Şəhristanın ərazisində istehsal qalıqlarına, ilk növbədə, dulusçuluq və dəmirçiliklə bağlı tullantılara, çıxarlara rast gəlinir. Şəhristanda 16 kv.m sahədə aparılmış yoxlama qazıntı abidənin bu sahəsində mədəni təbəqə yatımının qalınlığının 2,2 m təşkil etdiyini göstərdi. Abidənin ərazisində mütəmadi şum işləri aparıldığından mədəni təbəqənin XIII əsrə aid edilən üst qatı 66-68 sm dərinliyə qədər tamamilə dağıdılaraq qarışdırılmış, tikili qalıqları mühafizə olunmamışdır. 68-220 sm dərinliklərdə intensiv şəhər həyatını əks etdirən, özülü çaydaşından, divarları bişmiş kərpicdən hörülmüş tikinti qalıqları, təndir və ocaqlar, məişət və təsərrüfat quyuları, inşaat tullantıları, müxtəlif təyinatlı əmək alətləri, məişət avadanlığı, bəzək əşyaları ilə zəngin mədəni təbəqə yatımı tədqiq edilmişdir. Mədəni təbəqənin VIII-X əsrlərə aid inşaat qatında bünövrə qalıqları, təndirxanalar, təsərrüfat və məişət quyuları aşkarlanmışdır. Tapıntılar dəmir və daş alətlər, şirli və şirsiz saxsı məmulatı, müxtəlif təyinatlı, çoxsaylı şüşə qab nümunələri, bəzək əşyaları ilə təmsil olunmuşdur. Mədəni təbəqənin XI-XII əsrlərə aid inşaat qatında tikili qalıqları, ocaq və təndir qalıqları üzə çıxarılmış, xeyli miqdarda şirli və şirsiz saxsı, fayans qab-qacaq nümunələri, əmək alətləri, şüşə qab qırıqları, bəzək əşyaları tapılmışdır. Şəmkirin şəhristanında aparılmış arxeoloji qazıntı burada VIII-XIII əsrin əvvəllərində intensiv şəhər həyatının mövcudluğunu təsdiqləmiş, XI-XII əsrlərdə şəhərin çiçəklənmə çağını keçirdiyini müəyyənləşdirməyə əsas vermişdir. Narınqalada aparılmış arxeoloji qazıntıların nəticələri də maraqlı olmuşdur. III qazıntı sahəsində narınqalanın şərq divarı 80 m uzunluqda torpaq qalaqlarından təmizlənərək öyrənilmişdir. IV qazıntı sahəsində aparılan tədqiqatlar narınqalanın içərisində iki mədəni təbəqənin varlığını göstərmişdir. Üst, XVIII-XIX əsrlərə aid mədəni təbəqədən altda qalınlığı 4 m-ə çatan IX-XIII əsrlərə aid mədəni təbəqə üzə çıxarılmışdır. Bu mədəni təbəqədə istehkam qalıqları, təsərrüfat təyinatlı tikililər, təndir və ocaqlar, təsərrüfat və məişət quyuları, bişmiş kərpicdən hörülmüş qurğu, kürəbənd üsulu ilə düzəldilmiş kanalizasiya xətti aşkarlanaraq tədqiq edilmişdir. Orta əsr təbəqəsindən əldə olunmuş tapıntılar dəmir əmək alətləri və silah nümunələrindən, inşaat materialları və məişət əşyalarından, şirli və şirsiz saxsı qab nümunələrindən, metal və şüşə məmulatdan, bəzək əşyalarından, sikkələrdən ibarətdir.

Son xəbərlər