Facebook Pixel Code
GoMap XƏRITƏ
15 tağlı Xudafərin körpüsü
Baxış sayı:
  • Ünvan:
    Cəbrayıl, AZ1400
Avtobus

Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzəcən qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır. Körpülərin böyüyü 15 aşırımlı olub memarlıq üslubuna görə XII əsrin abidəsi sayılır. Qumlaq kəndində olan bu abidənin təməli daha qədimlərdə qoyulmuşdur. Körpü dəfələrlə təmir-bərpa işlərinə uğrayaraq indiki görkəmini almışdır.

Körpü tağlarının dayaqları təbii özüllər — sudan çıxan qayalar üstündə ucaldığından onun aşırımları müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilən onbeş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metr, ən iri tağ aşırımı 5,8 metrdir. Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas inşaat kütləsi çay daşındandır. Bu iki materialın uyarlığı körpüyə dözümlü konstruktiv quruluş və bədii görkəm vermişdir. Körpüdən bu gün də istifadə etmək mümkündür.

Böyük konstruktiv dayanıqlığı ilə yanaşı Xudafərin körpülərinin, özəlliklə Sınıq körpünün güclü bədii ifadəliyi var. Onlar öz ətrafında hər iki sahildə olan çoxlu mədəni dəyərləri — müxtəlif tipli memarlıq, tarix-arxeologiya, etnoqrafiya və təbiət abidələrini birləşdirir. Ümumdünya əhəmiyyətli tarixi hadisələrə bağlığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli abidələrdir.

Transkontinental yollar, o sıradan Böyük İpək Yolu üzərində olduğundan Xudafərin körpüləri yüzillərcə yalnız ölkədaxili və ölkələrarası əlaqələrdə deyil, qitələrarası ilişgilərdə də faydalı olmuşdur. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun, hər il cənubdan Aran və Qarabağ bölgələrinə gedən güclü mövsüm axınlarının da qovşağı olmuşdur. Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, həm də ən məşhur körpülərindən sayılır.

 

Son xəbərlər