Facebook Pixel Code
GoMap XƏRITƏ
Qəley-Buğurt qalası
Baxış sayı:
  • Ünvan:
    Qəleybuğurt kənd yolu, Şamaxı, AZ5618
Avtobus

Buğurt qalası da Şirvanın müdafiə sistemində əhəmiyyətli mövqeyə malik idi. Şamaxı şəhərindən 20 km şimal-qərbdə, düz bir dağın zirvəsində yerləşən, hər tərəfdən uçurumla əhatə olunmuş qalaya yalnız qərb tərəfdən qalxmaq mümkün idi. Qalanın ön istehkamları qərb tərəfdən təhlükəsizliyi təmin etməyə xidmət etmişdir. "Şah evi" adlandırılan narınqala etibarlı nöqtədə, dağın əlçatmaz zirvəsində yerləşmişdir. Buğurt qalasının səciyyəvi xüsusiyyəti onun bir-birinə bitişik olan, bəzən təbii aşırımlar vasitəsilə birləşən dağ silsilələrinə uyğunlaşdırılmasıdır. Divarın qalınlığı 5 m olan ön istehkam düzbucaq biçimdə, 1800x250 m olmaqla dağ silsiləsinin zirvəsinə gedən yolu kəsir. İstehkam müxtəlif ölçülü daşlar və qum-əhəng qarışdırılmış məhlul ilə inşa olunmuşdur. Bu istehkam ilə əlaqəli bir neçə tikilinin xarabalıqları qeydə alınmışdır. Qalanı cənubdan qoruyan, diametri 3,5 m olan bürc, onun arxasında 15x5 m ölçüsündə dördkünc tikili qalığı, həmin bürcə bitişik olan divar 10-12 m şimala doğru davam etdikdən sonra dağın relyefinə uyğun olaraq düzbucaq formada şərqə tərəf əyilir, sonra yenə də şimal istiqamətində təxminən 240-250 m məsafədə davam edərək başqa bir dairəvi bürclə birləşir. Bu bürcə düzbucaq biçimli tikili, görünür, gözətçi məntəqəsi bitişir. Həmin tikintidən 250 m şimala doğru davam edən qala divarı mürəkkəb formalı, üçgözlü tikiliyə keçir. Ondan qalınlığı 5 m olan divar 15-20 m uzunluqda qərbə uzanır. Burada vaxtilə hərbi hissələr yerləşirmiş. Eyni təyinatlı tikili divarın 200 m davam edərək tamamlandığı sahədə də vardır.

"Şah evi" adlanan, narınqala funksiyası yerinə yetirmiş kompleks üç otaqdan ibarətdir. Kompleksin şimal tərəfində dağın yamacları istiqamətində, bir-birindən təqribən 200-250 m aralı qoşa divar çəkilmişdir. Bu divarlardan başqa dağın əlverişli çıxış yerlərində də müxtəlif sədd və maneələr tikilmişdir. Ön istehkam çaydaşı və böyük həcmli yonma daşlardan, narınqala tikililəri isə yalnız yonulmuş daşlardan inşa olunmuşdur.

Buğurd qalasından əldə olunmuş arxeoloji materiallar onun son orta əsrlərdə Şirvanşahların mühüm istehkamlarından biri, eləcə də yay iqamətgahı olduğunu söyləməyə əsas verir.

Vəli Baxşəliyev azərbaycan arxeologiyası

 

Son xəbərlər